0552508808

0124977539

Xəbərlər
Xəbərlər
|

9 Yanvar xalq şairi Zəlimxan Yaqubun anım günüdür

01.02.2024

9 Yanvar 2024-cü il tarixində “Kəpənəkçi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvləri “Soydaş” İctimai Birliyinin rəhbərliyi ilə birgə Fəxri Xiyabanda şairin məzarını ziyarət ediblər.

Anım mərasimində çıxış edən “Kəpənəkçi” Xeyriyyə Cəmiyyətinin sədri Azər Göyüşov və “Soydaş” İctimai Birliyinin idarə heyətinin sədri Kamran Ramazanlı bildiriblər ki, Zəlimxan Yaqub yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının sevilən şairi, örnək göstərilə biləcək fikir adamıdır. Daha sonra natiqlər öz çıxışlarında şairlə bağlı xatirələrini bölüşüb, onun əziz xatirəsini yad ediblər.

Xatırladaq ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə  Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında  poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995–2005-ci illərdə Milli Məclisindeputatı olub. İlk şeiri 1966-cı ildə Bolnisi rayon qəzeti olan "Qələbə bayrağı"nda dərc edilib. 1983-cü ildən  AYB-nin üzvü olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.

Zəlimxan Yaqub 1995-ci ildə "Şöhrət" ordeni və  Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilib. 2005-ci ildə xalq şairi fəxri adına layiq görülüb.

Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin qərarıyla Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Nazim Hikmət mükafatı ilə təltif olunub. Xatırladaq ki, iki ildə bir dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur.

Zəlimxan Yaqub 2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmət" mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib.

Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. Allah rəhmət eləsin!

 

326.3 KB

 

342.2 KB

 

331.8 KB

 

342.8 KB