0552508808

0124977539

Azərbaycan
Azərbaycan
|

Namiq Veysəl: “Soydaşlarımızın təhsil problemlərinin tezliklə öz həllini tapacağına ümid edirik”

01.02.2024

Strateji tərəfdaşımız olan Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyəti bu həftə ölkəmizdə rəsmi səfərdə oldu.

Səfərin əhəmiyyətini “Soydas.az”a şərh edən  STİMUL Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Namiq Veysəl bildirib ki, nazir Giorgi Amilaxvarinin başçılıq etdiyi nümayəndə heyətinin səfəri xalqlarımız arasında təhsil və elm sahələrində möhkəm dostluq və əməkdaşlığın sübutu kimi qəbul olunmalıdır:

“Azərbaycanla Gürcüstan arasında xüsusilə təhsil və elm sahələrində əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda səfərdə olan nazir Giorgi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində azərbaycanlı həmkarı Emin Əmrullayev, baş nazir Əli Əsədov və digər rəsmi şəxslərlə görüşdü. Bakı Dövlət Universitetində, ADA Universitetində, STEAM-İnnovasiyalar Mərkəzində görüşlər keçirdi. Görüşlərdə Azərbaycanla Gürcüstan arasında təhsil və elm sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparıldı.Sevindirici haldır ki, bu görüşlərdə Gürcüstan universitetlərinin rektorları da iştirak edirdilər və bunun da ölkələrimiz arasında təhsil və elmi əlaqələrini daha da gücləndirəcəyinə ümidləri artırır”.

Namiq Veysəl bu görüşlərdə hər iki ölkənin təhsil nazirliklərinin nümayəndələrindən ibarət işçi qrupunun yaradılması barədə razılığa gəlinməsini müsbət qiymətləndirib:

“Nazir öz sosial şəbəkə hesabında qeyd edib ki, Gürcüstanda və Azərbaycanda mövcud olan təhsil problemlərinin həlli ilə bu işçi qrupu məşğul olacaq. O həmçinin iki ölkə arasında əlaqələri gücləndirmək üçün birgə təhsil layihələrinin həyata keçirilməsini daha çox təşviq etmək lazım olduğunu vurğulayıb. Eyni zamanda görüşlərdə müxtəlif təhsil sektorları, o cümlədən ümumi, peşə və ali təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı ətraflı müzakirələrin aparılması da, Gürcüstanda yaşayan soydaşlarımızın üzləşdiyi təhsil problemlərinin həllinə gələcəkdə töhvə verə biləcəyinə inamı artırır. Ən asası da Gürcüstanda Azərbaycan dilində təhsil verən məktəblərdə keyfiyyətli kadr çatışmazlığının aradan qaldırılacağına (bu və digər səbəblərdən təkcə 2003-2012-ci illər arasında 44 məktəb bağlanıb (Mənbə: Müvəkkil (Human Rights Monitoring Group of Ethnic Minorities), Sayı: 26, 10 May 2016, s. 7.)), ana dili üzrə həftəlik dərs saatlarının yenidən minimum 8 saat müəyyənləşəcəyinə ümid edirik”.

 Namiq Veysəl iki ölkənin təhsil ekspertlərindən ibarət yaradılan bu işçi qrupun 90-cı illərdə soydaşlarımızın kompakt yaşadıqları kəndlərdə tamamilə ləğv edilən Uşaq baxçalarının da yenidən fəaliyyətə başlaması üçün müəyyən işlər görəcəyinə ümid edir.

“Statistikaya baxsaq görərik ki, təkcə Bolnisi rayonunda 45 kənddən 38-nin əhalisi tam olaraq azərbaycanlılardır ki, bu kəndlərin heç birində uşaq baxçaları fəaliyyətini hələ də bərpa etməyib. Doğrudur, Gürcüstan dövləti uzunmüddətli inkişafı təmin edən istiqamətlərdən biri kimi məktəbəqədər təhsilə xüsusi önəm verir. Bu gün Gürcüstanda məktəbəqədər təhsildə iştirak edən uşaqların sayı ümumi sayın 60%-ni təşkil edir.İnanırıq ki, soydaşlarımızın yaşadığı kəndlərdə də bu məsələ öz həllini tapacaq”. 

Namiq Veysəl qeyd edib ki, İki ölkə arasında elm və təhsil sahəsindəki bütün bu təmasların məntiqi nəticəsi olaraq uzunmüddətli perspektivdə Gürcüstan-Azərbaycan birgə Universitetinin yaradılması daha məqsədəuyğun olardı: “Yaxın gələcəkdə hansısa universitetin nəzdində kafedra və ya departamentin açılması da problemi qismən də olsa həll etmiş olar. Unutmayaq ki, ikidilli (Gürcü-Azərbaycan) kadr çatışmazlığı bu gün təkcə milli məktəblərimizin problemi deyil. Təəssüflər olsun ki, bu gün teatr, jurnalistika sahəsində də hər iki dili bilən kadrlarımız çatışmır. Bu problemlərin isə yalnız qarşılıqlı əməkdaşlıq nəticəsində öz həllini tapacağına inanırıq. Bu səfərin ölkələrimiz arasında təhsil, elm sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəlməsi istiqamətində önəmli rol oynayacağına və soydaşlarımızın Gürcüstanda təhsil sahəsində qarşılaşdığı problemlərin tezliklə öz həllini tapacağına ümid edirik”.

 

140.7 KB