25.04.2021
Tiflisin əsasən Meydan-Şeytanbazar məhəlləsində formalaşmış Azərbaycan mədəni mühiti məzmunca zəngin və rəngarəng olmuş, XIX əsrin 20-ci illərindən başlayaraq, A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vazeh, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, H.Cavid, A.Şaiq, H.Ərəblinski, S.Ağamalıoğlu, F.Köçərli, S.Ruhulla, E.Sultanov, Ü.Rəcəb, Ö.F.Nemanzadə, H.Minasazov, F.Şeyda, M.Kirmanşahlı, Ə.Salahlı, M.Mərdanov, Z.Hacıbəyov, M.Şahtaxtlı, İ.İsfahanlı kimi görkəmli şəxsiyyətlərin adı ilə bağlanmışdır.
Tiflis Azərbaycan ədəbi mühiti bütövlükdə milli ədəbi prosesin, təhsil, mətbuat, teatrın inkişafında böyük rol oynamışdır. M.F.Axundovun əsərləri hələ XIX yüzilin əllinci illərindən Tiflisdə rus və gürcü dilində səhnələşdirilmişdir. 1872-ci ildə isə azərbaycanlı sənət xadimləri Azərbaycan türkcəsində ilk teatr tamaşası göstərmişlər. Tiflis ədəbi mühitini və teatr tarixini hərtərəfli araşdırmış professor Abbas Hacıyevin yazdığı kimi, M.F.Axundovun «Sərgüzəşti-vəziri-xani sərab» əsərinin üçüncü pərdəsi 1872-ci ildə Tiflisin Paronbəyov karvansarasında səhnələşdirilmiş və bununla Tiflis Azərbaycan Teatrının və bütövlükdə milli teatrımızın tarixi başlamışdır.
Nəhayət, türk-müsəlman maarifpərvərlərinin ianəsi və yerli ziyalıların fədakarlığı sayəsində 1912-ci il aprelin birində Tiflisin Şeytanbazar məhəlləsində Tiflis Azәrbaycan Xalq Evinin – «Auditoriya»nın, mahiyyət etibarilə, Azәrbaycan teatr һәvәskarları üçün xüsusi binanın açılışı olmuşdur. Əziz Şərifin qeyd etdiyi kimi, həmin ildәn etibarәn һökumәt tәrәfindәn rәsmən tәsdiq edilmiş müsәlman dram cәmiyyәti fәaliyyәtә başlamışdır. «Auditoriya»da məskunlaşmış teatr truppaları 1922-ci ilə qədər fəaliyyət göstərmiş, həmin ildən isə fəaliyyətini Tiflis Dövlət Türk Dram Teatrı kimi davam etdirmişdir. Rusiya imperiyasının müxtəlif yerlərinə, 1919-cu ildə isə Türkiyəyə qastrol səfərlərinə çıxan bu teatr böyük yaradıcılıq uğurları qazanmış, 1934-cü ildə isə Ahıska Türk Səyyar Kolxoz-Sovxoz Teatrının yaradılmasına dəstək olmuşdur.
Lakin İbrahim İsfahanlının təbirincə desək, «türk teatrları arasında mümtaz yerlərdən birini tutan» Tiflis Azərbaycan Teatrı 1947-ci ildə bağlanmışdır.
Uzun illərdən sonra, 2004-cü ildə yerli ziyalıların təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə Tbilisi Azərbaycan Dövlət Dram Teatrı rəsmən bərpa olunmuş, teatra azərbaycanlıların sıx yaşadığı Meydanda xüsusi bina ayrılmışdır. Lakin teatra verilmiş binanın xeyli hissəsini kənardan gəlib burada məskunlaşmış şəxslər və şirkətlər zəbt etdiyindən teatrın heyəti səmərəli fəaliyyət göstərə bilmir. Qeyd edək ki, ərazilərimizi işğal etmiş bədnam qonşuların nümayəndələri son dövrlərdə Meydanın digər tarixi memarlıq abidələrini də pul gücünə ələ keçirməkdədirlər.
Tiflis Azərbaycan mühiti milli mətbuatımızın və təhsilimizin inkişafında da böyük rol oynamışdır. «Ziya», «Ziyayi Qafqaziyyə», «Kəşkül», «Şərqi-Rus», «Molla Nəsrəddin» kimi mətbuat orqanlarının fəaliyyəti məhz Tiflisin Azərbaycan mühiti ilə bağlı olmuşdur. Qədimdən türk-islam təhsil və elminin mərkəzlərindən biri olmuş, XI əsrdə məşhur filosof Hübeyş Tiflisinin fəaliyyətdə olduğu Tiflisdə XIX-XX yüzillərdə dünyəvi təhsil ocaqları açılmış, xüsusən Qori seminariyası maarifçi Azərbaycan ziyalılarının yetişməsində əhəmiyyətli rol oynamışdır. Sovet dönəmində Azərbsycan türkcəsində həm orta, həm də pedaqoji təhsil müəssisələri yaranıb. Bu baxımdan, N.Nərimanov adına Tiflis Türk Pedaqoji Texnikumu, Borçalı Türk Pedaqoji Texnikumu, Ahıska ərazisində pedaqoji və peşə məktəbləri ayrıca qeyd olunmalıdır.
Tiflisin tarixi mərkəzi olan Meydanda və ətraflarda milli tariximizlə bağlı bir çox abidə və mərkəzlər var. Bunlardan Azərbaycan Mədəniyyət Mərkəzi, M.F.Axundzadənin, N.Nərimanovun, C.Məmmədquluzadənin ev-muzeyləri, 73 və 64 saylı Azərbaycan məktəbləri, Heydər Əliyev parkı, M.Ş.Vazeh, M.F.Axundzadə, İ.İsfahanlı küçələri, “Gürcüstan” qəzetinin redaksiyası və təbii ki, Nəbatat bağında yerləşən Görkəmli Azərbaycanlıların Panteonu mənəvi xəritəmizdə yer tutmağı vacib anlamlardır.
@professor Asif Hacılı