01.02.2024
Türk dünyasının tanınmış şairi Nizami Paşa Saraçlı vəfat edib.
Nizami Paşa Saraçlı (Nizami Paşa Mutlutürk) 1950-ci ildə iyun ayının 10 -da Bolnisi Bələdiyyəsinin Mamxuti (Saraçlı) kəndində anadan olub. 1966-cı ildə həmin kənd orta məktəbini, 1973-cü ildə Bakıda Azərbaycan Dövlət Universitetini bitirib.
1963-cü ildən müxtəlif imzalarla şeirlər yazıb. 1964-cü ildən mətbuatda çıxış olub. Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya və digər ölkələrdə əsərləri çap olunub. Kitabları böyük tirajla nəşr olunub.
“Vətən candan irəli” adlı məqalələr toplusundan ibarət 380 səhifəlik kitabı işıq üzü görüb. Şairin “Bakı-Təbriz-Ankara”, “Heyran türkün bayrağına”, “Tanrı türkə yar olsun”, “Ey sabahın zabitləri”, “Mənim generalım”, “Olmasın”, “Çiləli qurd”, “Yaralı ceyran”, “Qafqaz dağı, yol ver bizə” kimi şeirlərinə bəstəkarlar musiqi bəstələyib.
Bu nəğmələr bir neçə beynəlxalq mahnı festivallarının diplom və mükafatlarına layiq görülüb. O, Gürcüstan Dövlətinin ən ali mükafatı olan Şöhrət ordeni ilə təltif olunub.
Nizami Paşa Saraçlının müəllifi olduğu "Tanrı türkə yar olsun" şerinin mahnısı Osmanlı İmperiyası haqqında çəkilmiş "Diriliş Ərtoğrul" serialında Şəmistan Əlizamanlı tərəfindən səsləndirilmişdir. 2017-ci ildə Tanrı türkə yar olsun mahnısının sözləri və musiqisi dinləyicilər təfəfindən dünyada rekord səviyyəsinə çatmışdır və yenədə rekord qırmaqda davam edir.
Qeyd edək ki, şair fevralın 2-də doğulduğu Bolnisi rayonunun Saraclı kəndində torpağa tapşırılıb.
Allah rəhmət eləsin!