0552508808

0124977539

Home
Tanınmış Soydaşlarımız
|

Nigar Şıxlinskaya

Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya 1878-ci ildə Tiflisdə anadan olmuşdur. İlk azərbaycanlı şəfqət bacısıdır. Birinci dünya müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi.

Nigar xanım ilk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın. Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri, General Əliağa Şıxlinskinin həyat yoldaşı olmuşdur.

Nigar xanım ağlı, biliyi, dünyagörüşü ilə görkəmli sərkərdənin, doğrudan da, həyat dostu olur. Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilir. Nigar xanımın başçılıq etdiyi xəstəxana o qədər məşhurlaşıbmış ki, ora "Şıxlinski xəstəxanası” deyirlərmiş. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi. Bundan başqa 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Şəfqət xidməti”nin banisi olur. Həmçinin Nigar xanım məqalələr yazır, dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyurdu.

1918-ci ildən Ə.Şıxlinski Qafqaza qayıdır. Bakıya qayıtdıqdan sonra Nigar xanım "Yeni fikir” qəzetində Azərbaycan ədəbiyyatına, dilinə aid məqalələr yazır. "Dilimizdə olan ərəb, fars sözlərini mümkün qədər əvəz edib Azərbaycan sözlərini işlətmək lazımdır. Çünki öz dilimizdə Azərbaycan sözləri çoxdur. Ərəb və fars sözlərini ancaq azərbaycanca əvəzi olmadıqda izahlarla işlətməliyik”,- deyə yazılmış məqalələri çapdan çıxır.

Nigar xanım Şıxlinskayanın bir sıra şəxsi əşyalari və məktubları AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya və Sənədli mənbələr fondlarında qorunub saxlanılır. Bunlardan Etnoqrafiya fondunda (EF) Nigar xanıma aid olan əl dəsmalı ücün üzü qırmızı rəngli atlasdan olan qovluğu, açıq qəhvəyi rəngli, dördbucaq formalı həsirdən olan zəmbili, xına üçün bürüncdən olan ləyəni, Nigar xanımın şəfqət bacısı olduğu müddətdə istifadə etdiyi tibb ləvazimatlarından olan müalicə üçün kəsik konus formalı şüşədən hazırlanmış bankanı, ağ rəngli əczaçı şüşəsini və ağ rəngli şüşədən olan dərəcə işarəli menzurkanı qeyd etmək olar.

Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya  12 avqust 1931-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 

21.4 KB