Cənub-Qərbi Qafqaz Türk Respublikasının qurucularından olan Emin ağa Acalovu tanıyaq.
Emin ağa Borçalı 1868-ci ildə Gürcüstanda, Bolus Kəpənəkçi kəndində Hacallı nəslindən Ağanın ailəsində anadan olmuşdur. Həmin illər Borçalı mahalı Rusiya imperiyasının tərkibində idi və qəza statusunu almışdı.
Emin ağanın uşaqlığı Kəpənəkçi kəndində keçib. Uşaqlıqda 4 il dini təhsil almış, Quranı və ərəb əlifbasını öyrənmişdir. Yeniyetmə çağlarında gimnaziya təhsili alaraq rus dilini öyrənir. Sonra Ağbulaqda Meşə akademiyasını bitirir. Atasını erkən itirən Emin 17 yaşından atasından qalan təsərrüfatı idarə edir.
Emin ağa çox mərd, namuslu və daim haqq-ədalət tərəfdarı olduğundan el-obada və kəndlilər arasında çox sevilirdi. Emin ağa Borçalıda Novruz bayramı zamanı gənclər arasında keçrilən at yarışı zamanı birinci yerə çıxdığına görə gənc Emin ağanı Zaqafqaziya qubernatorunun yanına gətirirlər. Emin ağanın ağlına valeh olan qubernator onu Telavi qəzasına xüsusi tapşırıqlar üzrə məmur təyin edir. Emin ağa burada 1 il işlədikdən sonra öz istəyilə işindən ayrılaraq Borçalıya qayıdır.
Bir müddət sonra burada atışmada yaralansa da, özünü itirməyərək ona atəş açanlardan birini öldürüb, ikisini yaralayır.
Təqib olunan Emin ağa istintaqdan qaçır və qaçaqılığa başlayır. Emin ağanın qaçaqılğa başladığını eşidən haqqı tapdalanan, Çar Rusiyası məmurlarının özbaşınalığına dözməyən Borçalı gəncləri Emin ağanın yanına gəlib onun dəstəsinə qoşulmaq arzusunda olduqlarını bildirirlər. Emin ağa onlardan yalnız 7 nəfərini seçərək qaçaqçılığa başlayır. Onlar Borçalı, Axısqa-Mesxeti (Axalkalaki, Bakuriani, Borjomi), İrəvan quberniyası, Gəncəbasar, Qars, İğdır, Ərdəhan, Ərzurum, Mərənd və Xoy ərazilərində qaçaqçılıq edir.
Bir neçə il qaçaqlıq edən Emin ağa Knyaz Tarxanovun Borçalı mahalına pristav təyin olunmasından sonra zamin müqabilində məhkəmə qərarı ilə əfv olunur.
1898-ci ildə öz nişanlısını qaçırdığına görə həmin il aprelin 18-də Tiflis məhkəmə palatası tərəfindən bütün hüquq və imtiyazları əlindən alınmaq şərti ilə Həştərxana sürgünə göndərilməsi qərara alınsa da, həmin dövrdə qaçırılan knyaz Orbelianinin atlarının geri qaytarılmasındakı roluna görə sürgün cəzası bir ay həbslə əvəz olunur. Həbsdən azad olduqdan sonra doğma kəndi Kəpənəkçiyə qayıdan Emin ağa 1905-ci ilə kimi burada yaşayır.
1905-1907-ci illər inqilabı zamanı Azərbaycanda olduğu kimi Borçalıda da ermənilərlə-Azərbaycan türkləri arasında milli münqaişə baş verir. Tiflisin Hallovar, Meydan məhəllələrində və Şulaverdə savaşlar daha gərgin vəziyyət alır. Əvvəlcə Emin ağanın məqsədi münaqişəni sakitləşdirmək olur. Lakin ermənilərin get-gedə azğınlaşdığını görən Emin ağa silaha sarılaraq Borçalı igidləri Abdallı kor İsmayıl, İsrafil ağa, Astan ağa, Darvazlı Mehralı, Cöyrə oğlu Qara və s. igidlərlə birlikdə Tiflisdə, Yekaterinfilddə (indiki Bolnisi), Xaçında və Şulaverdə xeyli sayda erməni quldurunu qətlə yetirir. 1907-ci ildə ruslar Borçalıya ordu yeridib burada hərbi vəziyyət yaradırlar. Bu rejim 1912-ci ilə kimi davam edir. Bu vəziyyətdə Emin ağanın yaxın dostu Borçalının digər məşhur qaçağı Abdallı kor İsmayıl onunla birgə qaçaqçılığa başlamağa, digər dostu, keçmiş qaçaq sonra isə Osmanlı ordusunun minbaşısı Darvazlı Mehralı Paşa isə onu Osmanlı ordusunda xidmətə çağırır. Emin ağa hər iki təklifdən imtina edərək Borçalıda qalacağını bildirir.
17 dekabr 1917-ci ildə ermənilər qəfildən Borçalıya hücum edirlər. Sadaxlı, Ləmbəli, Dəmyə Gorarxlı, Saral, Ağammədli və s. kəndlərdə savaş daha şiddətli idi. Emin ağanın da iştirak etdiyi savaşda Borçalılar ermənilərə böyük itki verdirib geri oturtdurlar. Həmin ilin 30 dekabrında Borçalının dağ Borçalı adlanan hissəsi Loru, Pəmbək və Cəlaloğlu rus hakimiyyəti tərəfindən neytral zonaya çevrilir və bir il sonra Ermənistana verilir.
1916-1917 ci illər arasında Emin ağanın Yekaterinfilddə (indiki Bolnisi) məskunlaşmış almanlarla üç dəfə vuruşması olur və hər dəfə də onları darmadağın edir.
1917-ci ilin sonları 1918-ci ilin əvvəlləri bir çox xalqlar Rus İmperiyası əsarətindən canını qurtarıb öz müstəqilliklərini elan etməyə çalışırdılar. İlk olaraq 1917-ci ildə Krım tatarları öz müstəqilliklərini elan edirlər. Ardınca isə Axıska (Mesxeti) türkləri öz muxtariyyətlərini qurduqlarını elan edirlər. Azərbaycan, Gürcüstan və Ermənistan öz milli müstəqilliklərini elan etməyə hazırlaşdıqları bir varxtda borçalılar da azadlığa çıxmaq istədiklərini açıq aydın dilə gətirirlər.
1917-ci ilin dekabrında Emin ağa, Borçalı Xeyriyyə cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə, Borçalının həm sünni (Yusif əfəndi Allahyarzadə), həm şiə (Şeyx Məhəmməd Əli) qazıları ilə birgə Borçalı Qarapapaq Türk Cumhuriyyətinin yarandığını rəsmən elan edirlər.
1918-ci il mayın 26-sı Gürcüstan, 28-i isə Azərbaycan öz müstəqilliyini elan edir. 1918-ci il mayın əvvəlində Azərbaycana yardıma gələn Osmanlı ordusunun paşaları Nuru və Ənvər paşaları Cəlaloğlunda qarşılayıb onları Qazağa qədər ötürən Emin ağa onlar vasitəsilə Osmanlı sultanı Abdüləzizə, daha sonra isə Azərbaycan dövlətinə müraciət ünvanlayaraq onlardan yardım istəyir. Lakin, istədiyi yardımı ala bilmir.
Bir müddət sonra Osmanlı paşası 9-cu Ordu Komandanı Yaqub Şevqi Paşa 5 noyabr 1918-də Qarsda Emin ağa ilə görüşür və ona hər cür dəstək verəcəyinə söz verir.
Beləliklə, erməni və gürcülərin, alman və ingilislərin köməyi ilə gücləndiyini görən Emin ağa Borçalı Qarapapaq Türk Cumhuriyyəti adından 30 noyabr 1918-ci ildə Qarsda Ahıska Hökumətinin başçısı Osman Sərvər Atabəy və Araz Türk Cümhuriyyətinin (paytaxtı İğdır) başçısı Əmir bəy ilə görüşərək birləşmək qərarına gəlirlər. Dövlət federasiya şəklində olub “Qars İslam Cümhuriyyəti” adlanmağa başlayır. Qars Milli Şurası ikinci kongresi 30 Noyabr 1918-ci ildə toplanır. Kongres Ordubad, Naxçıvan, Qəmərli, Sürməli, Sərdarabad, Şurəgəl, Ahılkələk, Axısqa və Qarsdan gələn 60 nümayəndənin iştirakı ilə açılır. Kongresin 2-ci və 3-cü günlərində 10 nümayəndənin də əlavə iştirakı ilə bu say 70-ə çıxır.
Milli İslam Şurası Ümumi Mərkəzi adı ilə yerli bir hökumət də Kəpənəkçi Emin Ağa başqanlığında qurulur. Beləliklə,
Emin Ağa Qarsda ilk Türk Müdafiə-i Hüquq Təşəkkülünün rəisi olaraq təmsilçilərin seçimlərində imza səlahiyyətinə sahib idi. Hal-hazırda Osmanlı arxivində Emin Ağanın imzası sənədlər, bəlgələr qorunmaqdadır.
Emin ağa dövlətin xarici dövlətlər tərəfindən tanınması üçün əlindən gələni əsirgəmirdi.Onlar qonşu dövlətlərə teleqramlar göndərib onlardan kömək və rəsmən tanınmalarını istəyirdilər.
8 Dekabr 1918 tarixində “ Qars İslam Cümhuriyyəti ” adından Qars-İstanbul-Tokyo (Yaponiya) xətti ilə vurulan (Fransızca) teleqramlardan birinin surəti belədir:
Hörmətli Yaponiya İmperatoru Həzrətlərinə !
Asiya Asiyalılarındır davasının ələmdarı sifəti ilə Sizə müraciət edirik ki, Qars İslam Hökumətinin mövcudiyyəti siyasətini tanınmasında müzahirətinizə mazhariyyəti bir Asiyalı olaraq rica edirik ! 18 Dekabr 1918 miladi.
“Qars İslam Cümhuriyyəti” Sədri Emin Borçalı.
1918-ci il dekabrın 7-də Borçalıda və Ahılkelek-Ahıska da ermeni-gürcü dəstələri azğınlaşaraq türklərə (azərbaycanlılarla və ahıskalılara) hücum edir. Qanlı savaşların gücləndiyi bir vaxtda Emin ağa Şövkət Paşa və İzzət Əfəndi ilə Borçalıya dönür.
Emin ağa, Borçalı sakinləri həm Rus əsgərləri həm Borçalıda məskunlaşan almanlarla həmdə erməni gürcü dəstələrilə münaqişə apardığını görüb tez bir zamanda Borçalı gənclərindən ibarət Milli Şura yaradaraq düşmənlərlə ölüm dirim savaşına başlayır. Borçalının bütün say seçmə oğulları bu cihad müharibəsində iştirak edirlər. Borçalılar çoxlu şəhid verir. Bu döyüşlər zamanı yaşı 50-ni keçməsinə baxmayaraq Emin ağa döyüşlərdə böyük şücayətlə vuruşurdu. Belə savaşların birində Emin ağanın yaxın dostu Astan ağa qəhrəmancasına şəhid olur, digər bir dostu Abdallı kor İsmayıl isə ağır yaralanır. Bundan bərk qəzəblənən Emin ağa gecə 40 igid döyüşçü ilə ermənilərin düşərgəsinə hücum edərək onların 200 döyüşçüsünü qətlə yetirir. Borçalı Milli Şurasının döyüşçüləri Yekatrinfilddə (İndiki Bolnisi) almanları darmadağın edir, ermənləri isə böyük itkilər verdirərək geri otuzdurur. 1919-cu il yanvarında dövlətin növbəti qurultayında dövlətin adı dəyişilərək “Cənub-Qərbi Qafqaz Türk Respublikası” olur. Dövlətin ərazisi 40 min kv. km. əhalisinin sayı isə 1.8 mln. nəfər idi. Ordunun sayı 3 000-dən 8 000-ə artırılır. Dövlətin daxilinə Qars, Ərdahan, İğdır, Naxçıvan, Borçalı, Ahıska, Ağbaba, Amasya, Batum vilayətləri daxil idi. Hökumətin 18 bənddən ibarət konstitusyası,12 nazirdən ibarət nazirlər kabineti, 131 millət vəkili, gerbi və üzərində ay ulduz olan yaşıl, qırmızı rəngli bayrağı təsdiq olunmuşdu. Rəsmi dövlət dili Türk dili idi.
Emin Ağa məsləkdaşları Cahangiroğlu İbrahim Bəy və Sami Bəylə bərabər yaratdıqları dövlətin dayaqlarını gücləndirmək və genişləndirmək üçün xalqı erməni və gürcü təhlükələri qarşısında birlik və bərabərliyə çağırır və bu məqsədlə Naxçıvana doğru hərəkət edir, yol boyu dövlətin qəbul etdiyi qərarları oxuyurlar və Araz çayı boyunca yeni şöbələr açırlar. Dövlətin günü-gündən güclənməsi İngilisləri çox narahat edirdi. Onlar bölgədə güclü bir Türk dövlətinin yaranmasını istəmirdilər. Beləcə 1919-cu il 13 aprel İngilis qoşunları Qarsı işğal edərək “ Cənub-Qərbi Qafqaz Türk Respublikası ” nın varlığına son qoydular.Dövlət başçıları həbs olunub Maltaya sürgün olundular. Dönəmin Azərbaycan Xalq Cumhuriyyətinin Baş Naziri olan Fətəli Xan Xoyski Emin ağanın ona zamanında etdiyi yaxşılıqları unutmayaraq müttəfiqləri olduğu İngilislərdən onu sürgündən xilas edib, cəzasını vətəni Borçalıya yaxın Tiflis həbsxanasında çəkməsinə nail olur. Beləliklə, Borçalı Paris konfransından sonra Azərbaycanla Gürcüstan arasında mübahisəli torpağa çevilsə də 1920-ci ildə Stalinin təkidi ilə Gürcüstana verilir. Bir müddət Metex qalasında cəza çəkən Emin ağa oradan qaçaraq gecə həbsxana rəisinin evinə gələrək ona deyir: "Görürsənki azadlıqadayam, mən asanlıqla can verən deyiləm. İstəyirsiz məni təkrar həbs edin, istəyirsiz buraxın." Emin ağanın bu şücayətini görən rəis ona – "səni bir şərtlə buraxaram ki, Tiflisdən çıxasan" - deyir. Bundan sonra Emin ağa Qazağa gəlir və ömrünün sonuna qədər burada yaşayır. O, 1937-ci ildə vəfat edir. Onun qəbri Qazağın Qarapapaqlar kəndindədir.