0552508808

0124977539

Qonşu kəndlərimiz
Sarallar kəndi
|

Sarallar kəndi haqqında

02.06.2021

Sarallar kəndinin qısa tarixi: Kəndin ilk sakini Məhəmməd (El arasında Cinni Məhəmməd də deyilib) adlı şəxs olmuşdur. Məhəmmədin əsli Qıpçaq-Qarapapaq mənşəli saral tayfası ilə bağlıdır. Ağsaqqallarımızın verdiyi məlumata əsasən Məhəmməd XVIII əsrin əvvəllərində İndiki Türkiyənin Sivas bölgəsindən ailəsi ilə bərabər Borçalıya gəlmişdir. Onun Borçalıya gəlmə səbəbi belədir:

Məhəmmədin qardaşını öz toyunda mənfur erməni qətlə yetirmişdir. Bu hadisə Məhəmmədə çox pis təsir etmiş və o, pisixaloji sarsıntı keçirmişdir. Məhs bu səbəbdən onun başında ağrılar və əsəbinin oynaq olmasından dolayı ona Cinni Məhəmməd deyirlərmiş. Sonradan Məhəmməd qardaşının qisasını almaq məqsədi ilə həmin erməninin qardaşını və ona kömək edən kürd əsilli iki kişini öldürmüşdür. Böyüklərinin ona verdiyi məsləhəti dinləyən Məhəmməd ailəsi ilə bərabər Ərzurumda ordan Qarsda yaşayan qohumlarına gəlmiş və sonda Borçalıya pənah gətirmişdir. Məhəmməd, həyat yoldaşı və böyük oğlu Alı (El arasında Sarı Alı da deyiblər) ilə birlikdə ilk olaraq indiki Ratevanın yanında İncilli təpə deyilən yerdə Çalı dam (Qara dam) tikib iki il olda yaşayırlar. Sonra Ailə indiki Bolnisin (keçmiş adı Çürük Qəmərli) Maşavera çayının sahilində (indiki Neftbazanın yanında) Şeytanlıda yerləşmişlər. Bir müddət onlar Şeytanlıda yaşamışlar. Elə orada Məhəmmədin ortancıl oğlu Allahverdi və kiçik oğlu Cəfər dünyaya gəlmişdir. Məhəmmədin qız evladı olmamışdır. Çar Rusiyasının almanları Gürcüstana dəvət etdiyi ərəfələrdə Məhəmmədin qaldığı Şeytanlı deyilən ərazilər üzümçülük məqsədi ilə Almanların istismarına verilmişdir. Belə bir vəziyyətdə ailə yer dəyişməyə məcbur olmuşdur. Onlar Yeldağının arxasında (Mığırlı yolunun sol tərəfi) Kişmiş təpəyə köçmüşlər. Yaxınlıqda su quyusunun olmadığına görə ailə çətinliklərlə üzləşmiş və cəmi bir neçə il burada yaşamaq məcburiyyətində qalmışlar. Buna görə ailə su ilə təmin olunan yer axtarışına başlayaraq indiki Sarallar kəndində mövcut olan təbii bulağı tapılmışdır. Sonradan Məhəmmədin böyük oğlu Alı tərəfindən Gürcü Knyazına 100 qızıl sikkəsi verilərək indiki kənd yerini və əkin bicinə yararlı ətraf əraziləri sənədli şəkildə əldə etmişdir. İlk ev kənd bulağının 150 metrəliyində tikilmiş və orada məskunlaşmışlar.

Məhəmmədin böyük oğlu Alının Yekə Qurban, Xuda, Dındı Qurban, Qasım adlarında, ortancıl oğlu Allahverdinin Qənbər, Səfər adlarında və kiçik oğlu Cəfərin Abdulla, Hasan, İsmayıl, Ağakışı adlarında oğlanları olmuşdur.

Zaman-zaman Cənubi Azərbaycandan, Kəpənəkçi kəndindən və s. yerlərdən bu və ya digər səbəblərlə Sarallar kəndinə gələrək kənd sakinləri ilə qaynayıb qarışmış ailələr də mövcutdur. Kəndin Şəcərəsi mövcutdur və bu günkü günə qədər şəcərədə əlavələr, yeniləmələr aparılır.

Hazırda Sarallar kəndi Maşavera çayının sağ sahilində, rayon mərkəzindən 3 km qərbdə, dəniz səviyyəsindən 690m yüksəklikdə yerləşir.

Kənddə ilk məktəb 1930-da açılıb, 2005 -ci il 9 sinifdə 73 şagird təhsil alıb, 2019 -cu ildə isə 9 illik məktəbdə komplektləşdirilmiş 6 sinif 29 şagird təhsil almışdır.

Sarallar əsilli ailələrin təqribi sayı:

  • Gürcüstanda 119 ailədə 530 nəfər;
  • Azərbaycanda 119 ailədə 476 nəfər;
  • Rusiyada 37ailədə 148 nəfər;
  • Digər ölkələrdə 9 ailədə 36 nəfər.

Ümumilikdə Sarallar əsilli 284 ailədə 1190 

Kənd sakinlərinin demoqrafik vəziyyəti aşağıdakı kimidir:

  • 1918-ci ildə 115 nəfər;
  • 1926-cı ildə 20 ailədə 155 nəfər;
  • 2002-ci ildə 108 ailədə 501 nəfər;
  • 2006-cı ildə 119 ailədə 503 nəfər;
  • 2019-cu ildə 119 ailədə 530 nəfər yaşamaqdadır.

 

QEYD: Məlumat “Borçalı Sarallar Birliyi” tərəfindən təqdim edilmişdir.

 

24.5 KB