0552508808

0124977539

Qonşu kəndlərimiz
Dəllər kəndi
|

Dəllər kəndi haqqında

04.06.2021

DƏLLƏR - Qədim Borçalı mahalının Bolulus (in­diki Bolnisi) rayonunda kənd adıdır. Öncədən qeyd edək ki, qədim Borçalı mahalında Dəllər adında iki kənd vardır. Bu kənd­­lərdən birinin adı - Baş­keçid rayonundakı Dağ Dəlləri kən­di, hələlik öz tarixi adını daşısa da, Bolnisi rayonundakı Aran Dəl­ləri kən­din­in «bəxti» gətir­məmiş, onun tarixi adı­nı dəyişib «Mu­şevani» qoy­muşlar. Beləliklə də, kən­din tarixi adı yadlaşdırılmışdır.

Rayon mərkə­zin­dən 14 km günbatarda, Maşaver çayının sağ sahilində, dəniz səviyyəsindən 750 m yüksəklikdə yer­ləşən Aran Dəllər kəndində 1870-ci ildə 7 ailədə 47 nəfər; 1918-ci ildə 198 nəfər; 1926-cı ildə 53 ailədə 314 nəfər; 2002-ci ildə 290 ailədə 1194 nəfər (607 kişi, 587 qadın), 2006-cı ildə 246 ailədə 1200 nəfər nəfər yaşayıb. (Bax: Ş.Məmmədli. Gürcüstan Azərbaycanlıları. Tbilisi, 2002, səh. 14.) Ha­zırda bu kənddə 1250 nə­fər­dən çox soy­daşımız ya­şayır.

Kənddə 1931-ci ildən Azərbaycan məktəbi fəaliyyət göstərir.

Onu da qeyd edək ki, Dəllər orta məktəbinin inkişafında kəndin yetirməsi, Əmək veteranı Təhməz Abbasovun zəhməti danılmazdır. O, 1959-cu ildə Marneuli rayonunda iki illik Pedoqoji Texnikumu bitirdikdən sonra doğma kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimimi və müdir kimi fəaliyyətə başlamış, 1964-cü ildə ibtidai məktəbi 8 illiyə çevirmiş və direktor təyin olunmuşdur. T.Abbasov 1967-ci ildə Bakıda indiki Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakultəsinin qiyabi şöbəsini bitirdikdən sonra kəndindəki məktəbin orta məktəbə çevrilməsinə çalışmış, bilavasitə onun təşəbbüsü və tələbkarlığı sayəsində 1975-ci ildə təzə üçmərtəbəli məktəb binası tikilib istifadəyə verilmiş və nəhayət ki, 8 illik məktəb orta məktəbə çevrilmişdir.

Daha sonralar isə Dəllər orta məktəbinə tanınmış təhsil işçisi Əlixan Yəhyaoğlu (Məmmədov) rəhbərlik edib.
O, 1984-cü ildən 1999-cu ilədək Muşevan orta məktəbində direktor, 2003-cü ildən 2006-cı ilədək Bolnisi rayon maarif şöbəsində “Baş metodist” vəzifələrində çalışıb. Uzun illər təhsil sahədəki xidmətlərinə görə 2001-ci ildə Gürcüstan Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilib.
Hazırda o, Bolnisi Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri və "Ümid" qəzetinin redaktorudur.

El ağsaqqalları Təhməz Abbasov, Hüseyn İmanoğlu, Alı Sa­rıoğlu, Yəh­ya Məmmədoğlu, Səməd Süleymanoğlu, Vəkil Sa­rıyev, Əl­mə­dəd Muxtarov, tanınmış təhsil işçisi, "Şərəf" ordenli şair-jurnalist Əlixan Yəhyaoğlu, tanınmış el sənətkarları - Aşıq Kövrək Murad, Aşıq Əhəd, Aşıq Əli, Aşıq Ba­fə­li, Zurnaçı Söyün, tanınmış jurnalistlər İb­rahim­xəlil Tamıyev, İradə Kövrək, xey­riyyəçi Eldəniz Yəhyaoğlu, alimlər Əlican Sarı­yev, Şamo İsrafilov və b. bu kəndin ye­­tir­­­mələridirlər.

 

Türkmənşəli Tele/Tələ tayfasının adını əks etdirir.
Bu tayfa Kolayır kəndindəki Dəllər nəsliylə genetik qohumdur.
Yaxında 10–11-ci əsrlərə aid kiçik ölçülü salon formalı kilsə aşkarlanıb.
Pir deyilən yerdəki qəbirüstü daşda kaman, saz çalıb-oxuyan aşıq təsviri diqqəti çəkir.

Dəllər adlı kəndlər, yəni Aran Dəllər və Dağ Dəllər ta­rixi mənbələrdə hələ 1728-ci ildə qey­də alın­­mışdır.
Bun­dan baş­qa, Marneuli rayonundakı Ha­cıisə­kənddə - Dəli­əh­­mədli, Dəliha­sannı, Də­libaşlar, Yuxa­rı Sa­­ral kəndində - Də­li­bay­ram­­lı, Ambarlı - Amba­rovka kən­din­də - Dəliyənli, Bol­nisi rayonundakı Kolagir kən­dində Dəl­­lər və s. nəsil ad­ları möv­cud­dur.
Dəllər to­ponimik adla­rının tə­şəkkül tap­dığı sözlər əsasında düzələn kənd adlarına Azər­baycanda da rast gəlirik.
O cümlədən, Ağsu və Saatlı ra­yon­larında Dəlilər adlı kənd­lər, Şəmkir rayonunda Dəlilər adlı şə­hər tipli qəsəbə, Dəlilər Cəyir, Dəlilər Cırdaxan adlı kənd­lər, Zərdab rayo­nunda Dəli Quşçu adlı kənd və Go­ran­­boy ra­yonunda Dəli­məm­mədli adlı şəhər tipli qəsəbə vardır.

Həmçinin, bu qrup toponimlərə Qərbi Azərbaycanın (in­diki Ermənistanın) sabiq İrəvan quberniyasının Yeni Bayazid (Novobayazid) qəzasında Dəllər, Ağcaqala nahiyəsində Dəli­lər (1590-cu ildən qeyd olunub), Kami nahiyəsində və Alek­san­dropol qəzasında Dəlilər (1728-ci ildə qeydə alınıb) və sabiq İrəvan qəzasında Böyük Dəllər adlı kəndlər ol­muş­dur.

Yuxarıda adları qeyd olunan kənd adlarına nəzər saldıq­da aydın olur ki, həmin kənd adları «tele» adlı etnonim əsa­sın­­da formalaşmışdır.
Tarixdən məlumdur ki, türkköklü qə­dim tayfalardan biri də «tele» tayfaları olmuşdur.
Bu tayfa xal­­qımızın etnogenezisində yaxından iştirak etmişdir.
Bunu həmin tayfa adı əsasında düzələn toponimik vahidlər və on­ların müxtəlif bölgələrdə yayılması da təsdiq edir.
Belə ki, dəli etnonimi «tele» şəklində hunların bir tirəsinin adı ki­mi mə­lumdur.

Tarixi mənbələrin verdiyi məlumata görə, «te­le­lər» qədim zamanlarda Balxaş gölü ətrafında yaşamış və hun tayfa birləşmələrinə daxil olmuşdur.
«Tele» tayfası VI əsrin ortalarında Dağıstana qədər uzanan türk xaqanlığının tərki­bi­nə daxil olmuş və əsas etibarilə Xəzər dənizi sahil­lərində məs­kən salmışdır. Mənbələrə əsasən söyləmək olar ki, era­mızın VI-VII əsrlərində «tele» tayfası Azərbaycanda və onun hüdudlarında oturaq həyat keçirməyə başlamışlar.

Dilimizin sonrakı inkişaf prosesində «tele» sözü «dele» və ya «dəli» kimi formalaşmış və sonralar ona «-lər» şə­kil­çisi artırılmışdır.
Deməli, dəli etnonimi «tele» sözü əsa­sında tə­şəkkül tapmışdır.

Belə ki, «dəli» sözü əvvəllər dili­mizdə həm tayfa adı, həm də «igid, cəngavər, qoçaq, cəsur, çılğın, qəhrəman, döyüşçü» mənalarında işlənmişdir.
Ümu­milikdə isə, «dəli» tayfası «igid və cəngavər» tayfa məzmu­nunu bil­di­rir.

Heç təsadüfi deyil ki, mədəniyyətimizin ensik­lo­­pediyası hesab olunan «Kitabi-Dədə Qorqud» das­tan­larında - Dəli Dom­r­ul, Dəli Dondar, Dəli Qoçar, «Ko­roğ­lu» dasta­nında - Də­li Koroğlu, Dəli Həsən, Koroğlunun dəliləri, «dəli nərə çək­­mək» kimi antroponomik və leksik vahidlər forma­laş­mış­dır.

Bu da «tele» tayfasının döyüşkən və cəngavər türk tay­fası olmasına dəlalət edir.
«Dəli» sözünü Nəsimi də hə­min mə­nada işlətmişdir: «Düşdü yenə dəli könül gözlə­rinin xə­yali­nə» və s.

Onu da qeyd edək ki, hələ orta əsrlərdən də əvvəl mövcud olmuş Aran Dəlləri qədim Borçalının Bağ bölgəsindədir, cənub tərəf­dən me­şələrlə örtülü dağa söykənib, sanki həmin dağ­dan güc alır...
Dağ Dəlləri isə, qədim Borçalının Dağ böl­gəsində Başkeçid na­hi­yə­sinin düzənliyində yerləşir, əksər vaxtlar çən-çiçkin altında olsa da, həmişə saf və tə­miz ha­vada ağır-ağır nəfəs alır… Bu kəndlər ara­sındakı mə­­­sa­­fə coğ­­­­­rafi miqyasla təxminən 15-20 kilometr olar.
Hər iki kən­din ab-havası, sanki, Koroğlunun Çənlibelini xatırla­dır...

Qədim Borçalı mahalında, Dəllər kəndlərinin yaxınlığında, hələ orta əsrlərdən bəri Dəllər toponimii ilə ilgili daha iki oronim - dağ adları da indiyədək xal­qın yaddaşında yaşa­maq­dadır.
Bunlardan biri çox yüksək olmayan Yumru çalda (dağ­­da) yerləşən, möhtəşəm qaladır.
Orta əsrlərdən üzü bəri bu qala Koroğlu qalası adı ilə xalqın yaddaşında yaşamaq­dadır.
İkinci oronim isə, Dəliklidaş adla­nır. Dəllər kəndlərini Koroğlu qalasının və Dəliklidaşı xatır­layanda, həmin anda, istər istəməz «Koroğlu» dasta­nın­dan bir epizod yada düşür.
Dastanının «Qulun qaçması» qolunda Koroğlu de­yir:

Bir qul qaçırmışam Ərəbistana,
Arayın, axtarın, tapın, gətirin.
Girmiş olsa, Dəliklidaşa,
Fərhadı aparın çapın gətirin.


Dəliklidaş coğrafi miqyasına görə, Aran və Dağ Dəlləri kənd­­ləri arasında təxminən orta məsafədə, hər tərəfi sıldı­rım­lı qayalar olan Meşəvari dağ çayının sahillərində yerlə­şir. Deməli Koroğlu­nun qaçan dəlisi yalnız Dəliklidaşda gizlənə bilər. Odur ki, Ko­roğlu qaçan dəlisini Dəliklidaşda axtar­ma­ğı məsləhət bi­lir.
Yuxarıda qeyd olunan oykonimlər - kənd adları da, oro­nim­lər də indi də xalq arasında fəal şəkildə işlənməkdədir.

 

Böyük hörmət və ehtiramla,

MÜŞFİQ BORÇALI

 

122.2 KB